TƏŞKİLATÇI

"Təbiətdən Tarixə"

Azərbaycan Respublikasının Şəki rayonunda keçirilən “Təbiətdən tarixə” adlı Şəki Beynəlxalq Keramika Simpoziumu “ABAD” publik hüquqi şəxsi tərəfindən təşkil olunur. 

“ABAD”, yəni Ailə Biznesinə Asan Dəstək, 23 sentyabr 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb.

Hazırda “ABAD” iki istiqamətdə fəaliyyət göstərən ailələrə “İdeyadan rəflərə”dək olan bütün mərhələlərdə xidmət sahəsində dəstək verir: qida məhsulları üzrə istehsalçılar və dekorativ-tətbiqi xalq sənətkarları. Bununla da, qurum ölkə iqtisadiyyatına və eləcə də mədəniyyətin mühüm bir hissəsi olan dekorativ-tətbiqi xalq sənətkarlığının təbliğinə öz töhfəsini verir.

“ABAD”ın xidməti ilə ölkədə dekorativ-tətbiqi xalq sənətkarlığının bir çox növləri yenidən intibah dövrlərini yaşamağa başladı: misgərlik, dulusçuluq, ağacoyma, dəmirçilik, xalçaçılıq, ipəkçilik, toxuma, hörmə və s. Hazırda 300-dək sənətkar “ABAD” ailəsinə qoşulub. Onların əl işi suvenirləri xüsusi yaradılmış “ABAD” etno-butiklərində satışa çıxarılır. Bundan başqa sənətkarlıq sahələri incələlikləri ilə daha yaxından tanış olmaq və gələcəkdə bu peşələrə yiyələnmək istəyən şəxslər üçün “ABAD”, respublikanın bir çox bölgələrində təlim-tədris kursları, master-klasslar keçirir. “ABAD” məktəbləri də sənətkarlıq sahəsində maarifləndirməyə xidmət edir.

Cənubi Qafqazın ilk Keramika Mərkəzinin yaradılması da məhz “ABAD”ın təşəbbüsüdür. Keramika mərkəzlərinin sayının yaxın gələcəkdə artırılması nəzərdə tutulur.