"ABAD" Keramika Simpoziumuna dair media-tur təşkil etdi

"ABAD" Keramika Simpoziumuna dair media-tur təşkil etdi

May ayının 25-i “ABAD” publik hüquqi şəxs tərəfindən Şəki Keramika və Tətbiqi Sənət Mərkəzində hazırda keçirilən “Təbiətdən Tarixə” adlı Keramika üzrə Beynəlxalq Simpoziumun iştirakçıları və ümumi iş prosesi ilə yaxından tanışlıq məqsədi ilə media nümayəndələri üçün press-tur təşkil olunub.


Şəki Keramika və Tətbiqi Sənət Mərkəzinin kordinatoru Mir Teymur Məmmədov media nümayəndələrinə Simpoziumun məqsədi və beynəlxalq iştirakçılar barədə ətraflı məlumat verib.


Qeyd olunub ki, Simpoziumun açılışı may ayının 21-i baş tutub və tədbirdən dərhal sonra sənətkarlar müxtəlif formalı keramika nümunələri üzərində çalışmağa başlayıblar:
“Burada iştirak edən keramistlər öz peşələrində üzrə kifayət qədər öz sözünü demiş sənətkarlardır. 14 xarici ölkədən olan 22 iştirakçı Keramika mərkəzində iki həftə ərzində birgə çalışacaqlar. Simpoziumun keçirilməsində məqsəd təcrübə mübadiləsi aparmaq, keramika sənətinin müasir sahələri ilə tanış olmaq, Azərbaycanı Sənətkarlar diyarı kimi təqdim etmək, qədim Şəkidə digər sənətlərdən başqa keramikanın da inkişafı barəsində dünyaya səs salmaqdır”.


Sonra media nümayəndələri iştirakçılarla daha yaxından tanış olaraq, onların sənətləri barəsində,  tədbir və burada yaradılmış şərait haqqında geniş müsahibələr alıblar.
Media-tur Şəki Keramika və Tətbiqi Sənət Mərkəzində təşkil olunmuş “Raku Keramika” şousu ilə başa çatıb.


Qeyd edək ki, adıçəkilən Simpozium iyun ayının 2-nə kimi davam edəcək.