Mir Teymur Məmmədov

Mir Teymur Məmmədov

Mir Teymur Məmmədov

Şəki Keramika və Tətbiqi Sənət Mərkəzi Kuratoru

Bakı şəhər sakini Mir Teymur Məmmədov artıq 60 ildən çoxdur ki, həyatını keramika sənətinə həsr edib. O, hələ 5 yaşında bu sənətə maraq göstərib və illər ötdükcə ailəsi onda olan istedadı və yaradıcılığa həvəsi görərək, bu istiqamətdə irəliləməsi üçün ona dəstək olub.

Ə.Əzimzadə adına rəssamlıq məktəbini bitirən Mir Teymur Məmmədov incəsənətin daha çox keramika və saxsı əşyalar istehsalı üzrə ixtisaslaşmağı qərara alır.

1968-1978-ci illərdə V.Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Məktəbində təhsil alan sənətkar bu illərdə özünü daha da təkmilləşdirir və mütəxəssis kimi yetişir.

Mir Teymur bəy keramika və saxsıdan hazırladığı əl işlərində öz təxəyyülünü canlandırır.

Sənətkarlıqda ən çox yer verdiyi nümunə isə qədim türk tamqalarıdır.

Rəssamlıqla yanaşı etnoqraf kimi də fəaliyyət göstərən Mir Teymur bəy türk xalqının qədim tarixini araşdıraraq, onların mədəniyyətini, dilini, əlifbasını, dünyagörüşünü öz əl işlərində əks etdirir.

Bunun çox vacib bir iş olduğunu bildirən sənətkar, tarixi keçmişi gələcək nəsillərə ötürmək üçün sahib olduğu bütün biliklərini, maddi və fiziki imkanlarından maksimum istifadə edir.

Yaşadığı evin hər daşını, divarını keramikadan müxtəlif əl işləri ilə bəzəyən Mir Teymur Məmmədov Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq üçün “ABAD”a müraciət edib.

Adlı-sanlı sənətkarın keramikadan hazırladığı milli suvenirlər, zərif əl işləri bu gün “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunur və turistlər tərəfindən böyük maraqla qarşılanır.

Əlaqə: [email protected]