Azərbaycan

Azərbaycan

Odlar Yurdu

Azərbaycan dünyanın ən qədim insan məskənlərindən biridir. Bəşəriyyət bütün inkişaf dövrlərində bu torpaqda öz tarixini yaşamışdır. Zaman uzun keçmişlərin bir çox arxeoloji və memarlıq abidələrini bizim üçün qoruyub saxlamışdır. Qədim daş kitabələr, əlyazmalar, əsrlərin dərinliklərindən yadigar qalmış xalça naxışları, onları oxumağı bacaranlara, başlıcası isə oxumaq istəyənlərə çox şey danışa bilər. Azərbaycanı tanımaq, onun haqqında həqiqəti bilmək üçün bu torpağa, onun adamlarına dost gözü ilə baxmaq gərəkdir.

Azərbaycan qədim mədəniyyət ölkəsidir. Buraya köçüb gəlmış oğuz tayfaları həmin ərazidə əsrlər boyu təşəkkül tapıb sabitləşmiş, dərin köklərə malik mədəniyyətlə qarşılaşaraq, öz növbələrində bu mədəniyyəti ümumtürk mədəni ənənələri ilə zənginləşdirmişlər.

Məşhur Azərbaycan xalçaları sanki təbiətin bütün rənglərini, boyalarını, tarixin bütün nişanələrini özündə təcəssüm etdirir. Bu gün onlar uçan xalçalar kimi, zaman və məkan hüdudlarını aşaraq Azərbaycandan çox-çox uzaq olan ölkələrə gedib çıxırlar.

Dünyanın bir çox muzeylərində Azərbaycan ustalarının metal, keramika, ipək və ağacdan yaratdıqları dekorativ sənət nümunələri saxlanılır.

Azərbaycan – “Odlar diyarı”, hələ qədimdən özünün əbədi yanan ocaqları, atəşgahları ilə məşhurdur. Abşeronda “Yanardağ” deyilən yer var. Naxçıvanda, Kəlbəcərdə, Masallıda, Lənkaranda, Babadağ və bir çox ərazilərdə yerdən qaynar sular çıxır.

Suraxanıda əbədi olaraq yanan və heç vaxt sönməyən “Atəşgah” vardır. Əsrlər boyu dünyanın uzaq-uzaq ellərindən oda inanan, oda sitayiş edən atəşpərəstlər, hətta Hindistandan kahinlər odu axtara-axtara gəlib, onu Abşeronda tapmışlar və özlərinin baş məbədlərini burada - Suraxanı Atəşgahında yaratmışlar.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan